7.1. Bu Qanunun 7.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda və həmin yüklülük predmetinə münasibətdə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan biri və ya bir neçəsi iki və daha çox yüklülük sahibi tərəfindən tətbiq edildikdə, belə yüklülük sahiblərinin tələblərinin ödənilməsi ardıcıllığı həmin üsulların tətbiq etmə anı (tarixi və saatı) ilə müəyyən edilir. Yüklülük sahibi tətbiq etdiyi üsulu başqası ilə əvəz etmişsə və ya əlavə üsul tətbiq etmişsə, həmin üsulun tətbiq etmə anı onun bu Qanunun 5.7-ci maddəsinə əsasən qüvvəyə minmiş hesab olunan tarixlə müəyyən edilir.
7.2. Eyni daşınar əmlaka münasibətdə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan biri və ya bir neçəsinin tətbiq edilməsi ardıcıllığından asılı olmayaraq aşağıdakı hallarda yüklülük sahiblərinin tələbləri daha əvvəl ödənilir:
7.2.1. bu Qanunun 4.3.8-ci maddəsində nəzərdə tutulmuş hallarda, bu şərtlə ki, yüklülük predmeti yüklülük sahibinin sahibliyində olsun;
7.2.2. yüklülük sahibinin borcluya təqdim etdiyi və onun maliyyələşdirilməsi hesabına borclunun əldə etdiyi əmlakın yüklülüyü ilə təmin olunmuş tələblər, bu şərtlə ki, yüklülük sahibi yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyinə verildiyi tarixdən 3 (üç) iş günü müddətində yüklülük barədə bildirişi reyestrdə qeydə aldırsın;
7.2.3. yüklülük sahibinin təqdim etdiyi əmlak və ya maliyyə vəsaiti hesabına istehsal və ya emal edilmiş əmlakın yüklülüyü ilə təmin olunmuş tələblər, bu şərtlə ki, yüklülük sahibi yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyinə verildiyi tarixdən 3 (üç) iş günü müddətində yüklülük barədə bildirişi reyestrdə qeydə aldırsın.
7.3. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda və həmin yüklülük predmetinə münasibətdə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan heç biri tətbiq edilmədikdə, belə yüklülük sahiblərinin tələblərinin ödənilməsi ardıcıllığı yüklülüyün yaranması tarixi əsasında müəyyən edilir.