16.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən markalanır.
16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana kimi istehsal edilən məhsullara "EKO-keçid" markası vurulur.
16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.
16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları kimi markalanır və etiketi üzərində "EKO" sözü göstərilir.
16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun emal edildikdə alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulu kimi markalanır.
16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulu hesab edilmir və ümumi qaydada markalanır.
16.7. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsi ilə müəyyən edilmiş məlumatlarla yanaşı, etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:
16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı;
16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;
16.7.3. ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı;
16.7.4. məhsulun saxlanma şəraiti;
16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti;
16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına dair göstəriş;
16.7.7. məhsulun adı, növü, tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi;
16.7.8. məhsulun istifadə sahəsi və qaydaları;
16.7.9. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan digər məlumatlar.
16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli, müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı olmalıdır.
16.9. Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında göstərilməlidir.