6.1. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş fitosanitar nəzarəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:
6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkar etmək məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizaları keçirilməsi və profilaktik tədbirlər görülməsi;
6.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
6.1.3. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi.
6.2. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.