6.1. Hidrotexniki qurğuların təhlükəsizliyi aşağıdakı tələblər əsasında təmin olunur:
6.1.1. qurğularda qəza riskinin müəyyən olunması;
6.1.2. qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi;
6.1.3. qurğuların istismarının fasiləsizliyi;
6.1.4. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin hazırlanması, həyata keçirilməsi, o cümlədən onların təhlükəsizlik meyarlarının müəyyən edilməsi, texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması, istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması;
6.1.5. qurğularda fövqəladə halların qarşısını almaq məqsədi ilə qabaqlayıcı kompleks tədbirlərin görülməsi;
6.1.6. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin maliyyələşdirilməsi;
6.1.7. qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb olan hərəkətlərə (yaxud hərəkətsizliyə) görə məsuliyyətin müəyyənləşdirilməsi.
6.2. Hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə onların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq müvafiq mühafizə rejimi tətbiq edilir və ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
6.3. Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsi qadağan edilir.
6.4. Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.