Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Paylı investisiya fondunun idarə edilməsi qaydaları

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Paylı investisiya fondunun idarə edilməsi qaydaları şərtləri paylı investisiya fondunun idarəçisi tərəfindən müəyyən edilən, yalnız dövlət qeydiyyatına alındıqdan sonra müvafiq hüquqi nəticələr yarada bilən, investisiya fond payının alınması ilə investor və idarəçinin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən sənəddir.

13.2. Paylı investisiya fondunun idarə edilməsi qaydalarında (bundan sonra - fondun qaydaları) aşağıdakılar əks etdirilməlidir:

13.2.1. fondun tam adı və forması (açıq, interval və ya qapalı);

13.2.2. idarəçinin, depozitarın və auditorun tam adı, yerləşdiyi ünvan və lisenziyanın rekvizitləri;

13.2.3. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;

13.2.4. investisiya bəyannaməsi;

13.2.5. fondu təşkil edəcək pul vəsaitlərinin fondun formalaşdırılmasının baş tutmuş hesab olunması üçün yetərli, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmayan miqdarı;

13.2.6. fondun formalaşdırılması müddəti;

13.2.7. emissiya edilən payların sayı;

13.2.8. fondun formalaşdırılması müddəti ərzində bir payın dəyəri;

13.2.9. idarəçinin hüquq və vəzifələri;

13.2.10. pay mülkiyyətçilərinin hüquqları;

13.2.11. fondun fəaliyyət müddəti və ya onun müddətsiz fəaliyyət göstərməsi barədə qeyd;

13.2.12. payların alınması və geri satılmasına dair sifarişlərin verilməsi və icra olunması qaydaları və müddətləri;

13.2.13. bir investorun fonda daxil edilməsi üçün tələb edilən vəsaitlərin və ya payların minimum miqdarı;

13.2.14. payların alınması ilə bağlı idarəçiyə verilmiş pul vəsaitlərinin fondun tərkibinə daxil edilməsi qaydası;

13.2.15. payın cari dəyərinin hesablanması qaydası;

13.2.16. pay mülkiyyətçilərinin reyestrində mülkiyyət hüquqlarının ötürülməsinin qeydiyyatı qaydası;

13.2.17. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödənilməli olan mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydası və maksimum həcmi (fondun aktivlərinə nisbətən faizlə);

13.2.18. fondun fəaliyyəti haqqında məlumatların açıqlanması qaydası;

13.2.19. fondun aktivlərinin ölkədən kənarda yerləşdirilməsi nəzərdə tutulduqda, aktivlərin xarici idarəçinin idarə edilməsinə verilməsi qaydası;

13.2.20. fondun ləğvi ilə bağlı idarəçi tərəfindən müvafiq tədbirlərin görülməsi qaydası (o cümlədən, idarəçinin lisenziyasının ləğv edilməsi halında);

13.2.21. fonddan və pay mülkiyyətçilərindən vergilərin tutulması rejimi barədə məlumat;

13.2.22. paylı investisiya fondunun formalaşdırılması baş tutmadıqda, qoyulmuş vəsaitlərin geri qaytarılmasının formaları və qaydaları;

13.2.23. qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.

13.2-1. Vençur kapitalı fondu fəaliyyəti ilə məşğul olan qapalı paylı investisiya fondunun idarə edilməsi qaydalarında bu Qanunun 13.2-ci maddəsində qeyd olunan məlumatlardan əlavə idarəçinin peşəkar investorlardan cəlb edilən pul vəsaitlərinin bu Qanunun 9-1.3-cü maddəsində nəzərdə tutulan məqsədlərə və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada investisiya qiymətli kağızlarına investisiya edəcəyi ilə bağlı şərt əlavə edilməlidir.

13.3. Paylı investisiya fondunun idarə edilməsi qaydaları bu Qanunun 13.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, habelə özündə qanunvericiliyə zidd müddəalar əks etdirdikdə, Mərkəzi Bank onun dövlət qeydiyyatına alınmasından imtina edir.

13.4. Fondun qaydalarına Mərkəzi Bank tərəfindən təqdim edildiyi tarixdən etibarən 30 iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, qaydalar dövlət qeydiyyatına alınır.

13.5. Dövlət qeydiyyatına alınanadək fondun qaydalarının açıqlanmasına yol verilmir.

13.6. Dövlət qeydiyyatına alındıqdan sonra fondun qaydaları idarəçisinin internet səhifəsində açıqlanmalı və qüvvədə olduğu müddət ərzində hamının tanış ola bilməsi üçün açıq olmalıdır. Fondun qaydaları açıqlanmadan fond paylarının yerləşdirilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver