Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak payının əldə edilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Səhmdar investisiya fondunun nizamnamə kapitalında bir şəxsin iştirak payı 50 faizdən çox ola bilməz.

28.2. İstənilən şəxs səhmdar investisiya fondunun və ya idarəçinin nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, idarəçidə isə həmçinin 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını yalnız Mərkəzi Bankın razılığı əsasında əldə edə bilər.

28.3. Səhmdar investisiya fondu, onun idarəçisi və depozitarı hər hansı bir şəxs tərəfindən səhmdar investisiya fondunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi haqqında xəbər tutduqda, 1 iş günü ərzində bu barədə Mərkəzi Banka məlumat verməlidir.

28.4. Hər hansı bir şəxs tərəfindən idarəçinin nizamnamə kapitalında mühüm iştirak payı əldə edildikdə idarəçi və mərkəzi depozitar (olduqda) bu barədə 1 iş günü ərzində Mərkəzi Banka məlumat verməlidir.

28.5. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulan mühüm iştirak payının alınması üçün səhmdar investisiya fondu, yaxud idarəçi bu barədə müraciəti və aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim etməlidir:

28.5.1. alıcı hüquqi şəxs olduqda:

28.5.1.1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, son 3 maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarını və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər, habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər;

28.5.1.1-1. icra orqanlarının rəhbərlərinin vətəndaş qüsursuzluğuna dair məlumat.

Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;

28.5.1.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının təsdiq edilmiş surəti;

28.5.1.3. digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumat;

28.5.1.4. hüquqi şəxs olan iştirakçının mühüm iştirak paylarının sahibləri haqqında məlumatlar, o cümlədən belə mühüm iştirak payı sahiblərinin:

28.5.1.4.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında müvafiq sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

28.5.1.4.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

28.5.1.4.3. son 3 maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən, müvafiq rəy əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatlarını;

28.5.1.4.4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin fiziki şəxs əcnəbi olduqda isə yuxarıda göstərilən sənədlərdən əlavə rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

28.5.1.4.5. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

28.5.1.5. Mərkəzi Bankın müəyyən etdiyi formada benefisiar mülkiyyətçilər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

28.5.2. alıcı fiziki şəxs olduqda:

28.5.2.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, həmin şəxs əcnəbi olduqda isə həm də rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla), habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər;

28.5.2.2. vətəndaş qüsursuzluğu barədə məlumat;

Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;

28.5.2.3. həmin şəxsin digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumatı;

28.5.3. alıcı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduqda bu barədə məlumat.

28.5-1. Səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak payının əldə edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

28.6. Mərkəzi Bank bu Qanunun 28.5-ci maddəsində göstərilən müraciətə 30 iş günü ərzində baxır və müraciət edən səhmdar investisiya fonduna və ya idarəçiyə qəbul etdiyi qərar haqqında əsaslandırılmış bildiriş təqdim edir.

28.7. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən imtina edir:

28.7.1. Bu Qanunun 28.5-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda (bu Qanunun 28.5-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya yanlış olduqda həmin sənədlərin 10 iş günü ərzində tam həcmdə təqdim edilməsi və ya dəqiqləşdirilməsinə dair Mərkəzi Bankın tələbi yerinə yetirilmədikdə;

28.7.2. mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri) və onların benefisiar mülkiyyətçiləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

28.7.3. mühüm iştirak pay sahiblərinin və onların benefisiar mülkiyyətçilərinin səhmdar investisiya fonduna və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

28.7.4. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;

28.7.5. mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

28.7.6. bu Qanunun tələblərinə digər uyğunsuzluqlar aşkar olunduqda.

28.8. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş əqdlər Mərkəzi Bankın razılığı olmadan bağlandıqda, həmin əqdlər bağlandığı andan etibarsız hesab edilir.

28.9. Mühüm iştirak payının alınması barədə Mərkəzi Bank tərəfindən verilmiş razılıqda mühüm iştirak payının alınmasının son müddəti göstərilir.

28.10. Mərkəzi Bank mühüm iştirak paylarının sahibləri və mühüm iştirak payını əldə etmək niyyətində olan şəxslər barəsində bu Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq dövlət orqanlarından məlumat ala bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver