44.1. Səhmdar investisiya fondunun yenidən təşkili bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
44.2. Səhmdar investisiya fondunun birləşmə, bölünmə və ayrılma şəklində yenidən təşkilinə yalnız həmin əməliyyatlar yeni səhmdar investisiya fondunun (fondlarının) yaradılması ilə nəticələndiyi hallarda yol verilir.
44.3. Səhmdar investisiya fondunun qoşulma şəklində yenidən təşkilinə digər səhmdar investisiya fondunun (fondlarının) yenidən təşkil ediləcək səhmdar investisiya fonduna qoşulması şərti ilə yol verilir.
44.4. Səhmdar investisiya fondunun səhmdar investisiya fondu fəaliyyətinə lisenziyası olmayan hüquqi şəxslə, həmçinin investisiya strategiyası və sahələri əhəmiyyətli dərəcədə fərqlənən investisiya fondları ilə birləşməsinə və ya ona qoşulmasına yol verilmir.
44.5. Səhmdar investisiya fondunun çevrilmə (təşkilati-hüquqi formasının dəyişməsi) şəklində yenidən təşkilinə yol verilmir.
44.6. Yenidən təşkili barədə qərar qəbul edildikdə, səhmdar investisiya fondu həmin qərarın bir nüsxəsini yeni təşkil ediləcək səhmdar investisiya fondunun nizamnaməsinin nüsxəsi ilə birlikdə, qərarın qəbul edildiyi gündən 3 iş günündən gec olmayan müddətdə Mərkəzi Banka təqdim etməlidir.
44.7. Mərkəzi Bank səhmdar investisiya fondunun yenidən təşkili zamanı bu Qanunun 44.2-44.5-ci maddələrinin tələbləri pozulduqda, fond bazarında qiymətlərin kəskin dəyişməsi təhlükəsi yarandıqda, habelə investisiya fondunun maliyyə sabitliyi və investorların hüquqlarının pozulmasına səbəb olduqda belə yenidən təşkilə icazə verilməsindən imtina edir.
44.8. Mərkəzi Bank səhmdar investisiya fondunun yenidən təşkil edilməsi ilə bağlı qərarın və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 30 iş günü ərzində baxır və yenidən təşkilə icazə verilməsinə və ya bundan imtina olunmasına dair qərar qəbul edir.
44.9. Səhmdar investisiya fondunun birləşmə, bölünmə və ayrılma şəklində yenidən təşkili nəticəsində yeni yaradılan səhmdar investisiya fondu bu Qanunun 38-ci maddəsinə uyğun olaraq sənədləri təqdim edib lisenziya aldıqdan sonra fəaliyyətə başlaya bilər.