Qanunvericilik › Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Lotereyaların qeydiyyatı

Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin, habelə məqsədli lotereyanın keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə səlahiyyətli orqan Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirir.

8.2. Lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir:

8.2.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adi və forması göstərilməlidir;

8.2.2. lotereyanın şərtləri;

8.2.3. lotereyada istifadə olunacaq lotereya biletinin (elektron kod formasında olan biletlər istisna olmaqla) nümunəsi;

8.2.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

8.2.7. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).

8.4. Stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir:

8.4.1.stimullaşdırıcı lotereyanı keçirmək niyyətində olduğu barədə bildiriş. Bildirişdə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və növü göstərilməlidir;

8.4.2.stimullaşdırıcı lotereyanın şərtləri;

8.4.3.stimullaşdırıcı lotereyada istifadə olunacaq lotereya biletinin (elektron kod formasında olan lotereya biletləri istisna olmaqla) nümunəsi;

8.4.4.stimullaşdırıcı lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

8.4.5.stimullaşdırıcı lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;

8.4.6.stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti.

8.4-1. Bu Qanunun 8.4.4-cü və 8.4.5-ci maddələrində göstərilən sənədlərin surətinin (bu sənədlərdə baş vermiş dəyişikliklərin olması halları istisna olmaqla) eyni lotereya təşkilatçısı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmur.

8.4-2. Bu Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar lotereya təşkilatçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi lotereya təşkilatçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya lotereya təşkilatçısı tərəfindən təmin edilir.

8.5. Lotereya təşkilatçısı səlahiyyətli orqana təqdim etdiyi sənədlərdə olan məlumatların tamlığına və düzgünlüyünə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

8.6. Səlahiyyətli orqan lotereya şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə ərizədə (bildirişdə) və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya (qadağaya) səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onlar təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində lotereya təşkilatçısından tələb edə bilər. Bu halda lotereyanın qeydiyyatı barədə qərarın qəbul edilməsi müddətinin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.

8.7. Bu Qanunun 8.2-ci maddəsində göstərilən sənədlər səlahiyyətli orqana təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə lotereya təşkilatçısına məlumat təqdim etməlidir.

8.8. Bu Qanunun 8.4-cü maddəsində göstərilən sənədlər səlahiyyətli orqana təqdim edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq o, stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər. Bu müddət ərzində stimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda, lotereya təşkilatçısı lotereyanı keçirmək hüququnu əldə edir.

8.9. Səlahiyyətli orqan aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edə bilər və ya stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər:

8.9.1. bu Qanunun 8.2-ci və 8.4-cü maddələrində (bu Qanunun 8.6-cı maddəsi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) göstərilən sənədlər tam şəkildə təqdim edilmədikdə (bu Qanunun 8.4-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

8.9.2. ərizəyə (bildirişə) və ona əlavə olunmuş sənədlərə bu Qanunun tələblərinə cavab verməyən və ya təhrif olunmuş məlumatlar daxil edildikdə;

8.9.3. lotereyanın təşkilatçısı səlahiyyətli orqana onunla bağlı qəbul etdiyi bu Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən, yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə;

8.9.4. lotereya təşkilatçısının stimullaşdırıcı lotereyanı keçirməsinə məhkəmə tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.

8.10. Lotereya təşkilatçısının lotereyanın şərtlərində dəyişikliklər edilməsi və ya qeydiyyata alınmasından imtina edilməsi barədə qərarından, habelə keçirilməsinin qadağan edilməsindən inzibati və məhkəmə qaydasında şikayət etmək hüququ vardır.

8.11. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver