Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 65

Maddə 65. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə həmin subyektlərin fəaliyyətinə xitam verilməsi

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

65.1. Çap mediası və onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması məhkəmənin qərarı ilə bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti dayandırılır, bu Qanunun 65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə onların fəaliyyətinə xitam verilir.

65.2. Şura aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır:

65.2.1. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə;

65.2.2. media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə.

65.3. Bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması dayandırıldıqda, bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.

65.4. Şura aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır:

65.4.1. bu Qanunun 65.2.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunu aradan qaldırmadıqda;

65.4.2. bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə fəaliyyəti dayandırılmış media subyektləri həmin maddənin tələblərini 2 (iki) il ərzində yenidən pozduqda;

65.4.3. bu Qanunun 26.1–26.4-cü maddələrinin tələblərini pozduqda;

65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Şuraya rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı, habelə media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver