Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Mediatora dair tələblər

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:

10.1.1. ali təhsilə malik olmalıdır;

10.1.2. 25 yaşı tamam olmalıdır;

10.1.3. ən azı 3 illik iş stajına malik olmalıdır;

10.1.4. mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı əldə etməlidir;

10.1.5. bu Qanunun 17.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq müddətin keçməsi gözlənilməlidir.

10.2. Din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən hallar olmadıqda, bu Qanunun 10.1-ci maddəsində göstərilən tələblərə cavab verən fiziki şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.

10.4. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər.

10.4-1. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver