Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 47

Maddə 47. Təminatlı kreditorlar

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanunun 41-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təminatlı kreditor iflas prosesinə başlanılıb-başlanılmamasından asılı olmayaraq təminat barəsində öz hüquqlarını həyata keçirə bilər.

2. Əmlak inzibatçısı təyin edildikdən sonra 3 gün ərzində təminatlı kreditora borclunun müflis elan olunması haqqında bildiriş göndərir. Təminatlı kreditor bu bildirişi aldıqdan sonra 14 gün müddətində təminat barəsində öz hüquqlarını həyata keçirmədikdə, əmlak inzibatçısının ixtiyarı var ki, qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada təminatı satsın (ya ayrıca, ya da borclunun aktivlərinin hamısı və ya bir hissəsi ilə birlikdə) və satış üçün çəkilmiş xərclər çıxılmaqla, satış pulu haqqında təminatlı kreditor qarşısında onun tələbinin ümumi razılaşdırılmış dəyəri həddində hesabat versin. Satış pulunun hər hansı artıqlığı borclunun əmlakının hissəsi kimi qalır.

3. Təminatlı kreditor iflas prosesinə başladıqda tələbi təminatın hesabına yönəltmək hüquqlarını itirmir.

4. İflas prosesi ərzində əmlak inzibatçısı kreditorlara məxsus təminatın hüquqi etibarlığına əmin olmalıdır. təminatın etibarlığı qüvvədə olan qanunvericilikdə və bu Qanunun XIII fəslində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.

5. Əmlak inzibatçısı təminatlı kreditorun tələblərini həmin kreditorun seçdiyi aşağıdakı üsullarla ödəyir:

a) təminat predmetinin hərrac yolu ilə (və ya başqa yolla) satılması və onun təmin etdiyi öhdəliyin ödənilməsi;

b) təminat predmeti üzərində mülkiyyət hüququnun təminatlı kreditora verilməsi;

c) təminat predmetinin təminatlı kreditorun göstərdiyi üçüncü şəxsə satılması.

6. Təminatlı kreditorun tələblərini bu maddənin 5-ci bəndinin “b” yarımbəndinə müvafiq surətdə ödəmək məqsədi ilə əmlak inzibatçısı təminatlı kreditorla saziş bağlayır. Sazişin şərtlərinə aşağıdakılar daxil edilir:

a) verilməli aktivlərin təsviri;

b) aktivlərin təxmini bazar və balans dəyəri;

c) borclunun təmin edilmiş öhdəlik və girov və ya ipoteka müqaviləsi üzrə təminatlı kreditora ödəməli olduğu məbləğ;

ç) sazişin bağlandığı məqamda həmin aktivlər barəsində tərəflərə məlum olan bütün keçmiş və gələcək girovların (ipotekaların), habelə bu aktivlər barəsində hər hansı mülkiyyət hüquqlarının və istifadə hüquqlarının göstərilməsi.

7. Bu maddənin 6-cı bəndində göstərilmiş saziş notariat qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. Əgər girov və ya ipoteka müqaviləsi bağlanarkən dövlət rüsumu ödənilmişdirsə, bu halda dövlət rüsumu ödənilmir. Əks halda dövlət rüsumu ödənilməlidir.

8. Təminatın satışından götürülən pul təminatlı kreditora tam kompensasiya ödənilməsinə kifayət etmədikdə təminatlı kreditor müflisolma zamanı təminatsız kreditor kimi çatışmayan məbləğdə tələb irəli sürə bilər.

9. Təminatlı kreditorun ixtiyarı var ki, öz təminatı üzrə fayda götürməkdən imtina etsin və müflisolma zamanı təminatsız kreditor kimi öz tələblərinin tam məbləği üzrə tələb irəli sürsün.

10. Mülkiyyətçinin icarəyəverən olduğu və ya müqavilə üzrə mülkiyyət hüququnu saxladığı hallar istisna olmaqla, borclunun sahibliyində olan hər hansı əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik hüququnu yenidən əldə etmək hüququna malikdir. Bu halda həmin mülkiyyətçi bu əmlakı yalnız əmlak inzibatçısının razılığı və ya məhkəmənin qərarı ilə qaytarmaq hüququna malikdir.

XI fəsil

Kredİtorların yığıncağı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver