1. Daşıyıcı müştəridən yükü və ya baqajı daşımaya qəbul etdiyi andan onu yükalana (sərnişinə) təhvil verənə qədər həmin yükün və ya baqajın qorunmasını təmin etməlidir.
2. Yükün və ya baqajın itməsinin, əskik çıxmasının və zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan (Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda daşıyıcıdan asılı olmayan səbəblərdən) baş verdiyi sübut edilmədikdə, daşıyıcı müvafiq normativ hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə və ya müqavilədə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
3. Müvafiq normativ hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə və ya müqavilədə başqa qayda nəzərdə tutulmadıqda, daşıyıcı yükün və ya baqajın daşınması zamanı müştəriyə vurulmuş zərəri aşağıdakı miqdarlarda ödəyir:
- yük və ya baqaj itirildikdə, yaxud əskik çıxdıqda - müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya baqajın dəyəri miqdarında;
- yük və ya baqaj zədələndikdə - onun dəyərinin azaldığı məbləğ miqdarında, zədələnmiş (xarab olmuş) yükü və ya baqajı bərpa etmək mümkün olmadıqda isə - onun tam dəyəri miqdarında;
- qiyməti elan olunmaqla daşınmaya təhvil verilmiş yük və ya baqaj itirildikdə - həmin yükün və ya baqajın elan olunmuş qiyməti miqdarında. Daşıyıcı həmin yükün və ya baqajın həqiqi dəyərinin elan olunmuş qiymətindən aşağı olduğunu sübut etdikdə isə yükün və ya baqajın həqiqi dəyəri miqdarında.
Yuxarıda göstərilən hallarda mübahisə yarandıqda yükün və ya baqajın həqiqi dəyərinin müəyyən edilməsi üçün onların daşıma müqaviləsində göstərilmiş dəyəri, yükgöndərənin daşıma haqqının ödənilməsinə dair qaimə sənədi əsas götürülə bilər. Daşıma müqaviləsində yükün və ya baqajın dəyəri göstərilmədikdə, habelə yükə dair hesablaşmalar bank vasitəsi ilə həyata keçirilmədikdə isə müqayisə edilə bilən analoji malların zərərin ödənildiyi mövcud tarixə olan dəyəri əsas kimi istifadə oluna bilər.
4. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına görə alınmış, daşıma haqqını da (əgər bu haqq yükün və ya baqajın dəyərinə daxil deyilsə) müştəriyə qaytarır.
5. Daşıyıcının və ya müştərinin maddi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilən hallar müəyyən edilmiş qaydada tərtib olunan sənədlərlə (kommersiya aktı, ümumi formalı akt və ya i. a.) təsdiq olunur və daşıma ilə əlaqədar mübahisələrin həlli üçün məhkəməyə təqdim oluna bilər.