1. Avtonom nəqliyyat vasitəsi bu Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan tələblərə uyğun olduğu halda, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra istismar edilə bilər.
2. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin effektivliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilir. Tənzimləyici test mühitinin həyata keçirilməsi nəticəsində avtomatlaşdırılmış idarəetmə sisteminin sınaqlarının nəticəsi uğursuz olduqda həmin avtonom nəqliyyat vasitələri istismara buraxılmır.
3. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (avtomobil yoluna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla) müəyyən edilən ərazidə, dəmiryolunda, metro və tramvay xətlərində, hava məkanında, habelə avtomobil yolunda hərəkət edə bilər.
4. Avtonom nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) məsuliyyət daşıyır. Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər. Qeyd edilən zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin zərərin ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu və 32-ci fəsillərinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Avtonom nəqliyyat vasitəsinin, eləcə də həmin nəqliyyat vasitəsilə sərnişinlərin və yüklərin daşınması ilə bağlı sığortalanma nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) tərəfindən bu Qanunun 23-cü maddəsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada təmin edilir.
6. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
7. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
8. Avtonom nəqliyyat vasitəsinə və hərəkətinə dair digər tələblər, habelə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və istismarı, o cümlədən onlar vasitəsilə yüklərin və sərnişinlərin daşınması ilə bağlı bu Qanunla tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.