Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin, habelə xüsusi notariusun köməkçisi vəzifəsinə namizədlərin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən beş il müddətinə 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır.
Komissiyanın sədri komissiya üzvlərinin arasından seçilir.
İxtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir.
İxtisas komissiyası daxil olan sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə keçirir, icbari təlimin nəticələrini qiymətləndirir, peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun nəticəsindən asılı olaraq şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
İxtisas komissiyasına daxil olmuş sənədlər üzrə məsələlər komissiyanın iclaslarında iki ay müddətindən gec olmadan öz həllini tapmalıdır. Hər bir iclasın gedişatı və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır.
İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir.
İxtisas komissiyası öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün müddətində qərarın surətini şəxsə verir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir.
Şəxs şəhadətnamənin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarının surətini aldıqdan sonra 1 ay müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər.