10.1.Dövlət ovçuluq kadastrı ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.
10.2.Dövlət ovçuluq kadastrı dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.
10.3.Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanların yayılmasında, sayında, fiziki vəziyyətində və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
10.4.Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.