23.0. Ovçuluq təsərrüfatlarının vəzifələri aşağıdakılardır:
23.0.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş norma, standart və qaydalara əməl etmək;
23.0.2. ovçuluq təsərrüfatlarında turizm və rekreasiya üçün şərait yaratmaq;
23.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən dövlət orqanına vermək;
23.0.4. ovçuluq təsərrüfatlarında nəzarət-buraxılış məntəqələri yaratmaq;
23.0.5. ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunu aparmaq;
23.0.6. vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə tədbirlər həyata keçirmək;
23.0.7. Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;
23.0.8. dövlət nəzarətini həyata keçirən orqanın işçilərini ovçuluq təsərrüfatlarına maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
23.0.9. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini təşkil etmək və təbiətə buraxmaq, təbiətə buraxılma sayına uyğun olaraq onların ovunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etmək;
23.0.10. ovçuluq təsərrüfatlarının yerləşdiyi ərazi üçün xarakterik olan ov obyektinə aid edilmiş vəhşi heyvanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təbiətdən götürülərək süni şəkildə çoxaldılmasını təşkil etmək, hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onları həmin təsərrüfatların ərazisinə buraxmaq və müvafiq qaydada ilkin uçotunu aparmaq;
23.0.11. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini, artırılmasını və bərpasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi müəssisələrin rəyi nəzərə alın-maqla damazlıq bazaları yaratmaq;
23.0.12. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə çıxdaş faizinin elmi tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsini nəzərə almaqla müəyyən olunmasını təmin etmək;
23.0.13. ovçuluq təsərrüfatının təyinatına uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar və digər obyektlər yaratmaq;
23.0.14. heyvanlar aləminin mühafizəsi, bərpası, artırılması və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.