Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37-2

Maddə 37-2. Müddətin qəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpası

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İddiaçı və ya ixtira, faydalı model və ya sənaye nümunəsinin patent sahibi hər hansı prosedur hərəkətinin həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə və bu pozuntu bilavasitə iddia sənədi və ya patent ilə bağlı hüquqların itirilməsinə gətirib çıxarırsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq iddia sənədi və ya patent üzrə iddiaçı və ya patent sahibinin hüquqlarını bərpa edir, bu şərtlə ki:

a) iddia sənədi üçün hüququn bərpası haqqında vəsatət müvafiq prosedur hərəkətinin həyata keçirilməsi üçün müəyyən edilmiş müddətə riayət edilməməsi səbəbinin aradan qaldırılması tarixindən 2 aydan gec olmayaraq, lakin buraxılmış müddətin bitdiyi tarixdən 12 aydan gec olmayaraq verilsin. Bu zaman yerinə yetirilməmiş hərəkət vəsatətin verildiyi tarix üçün yerinə yetirilmiş olmalıdır. Əgər belə vəsatət patentin qüvvədə saxlanılması üçün illik haqqın ödənilməməsi ilə əlaqədar patentin bərpasına aiddirsə, 12 aylıq müddət bu Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş möhlət müddətinin bitməsi tarixindən hesablanır;

b) vəsatətdə göstərilən səbəblərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müddətə riayət edilməməsinin qəsdən baş vermədiyi qənaətinə gəlsin;

c) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Bu maddənin 1-ci hissəsinin müddəaları bu Qanunun 28-1-ci və 28-2-ci maddələrində, habelə bu maddədə nəzərdə tutulmuş müddətlərə, eləcə də 38-ci maddənin 1-ci və 2-ci hissələri nəzərə alınmaqla Apellyasiya Şurasında prosedurların həyata keçirilməsi üçün son müddətlərə şamil edilmir.

3. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq verilmiş vəsatətin tam və ya qismən rədd edilməsinə qədər onu verən tərəf müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 iş günü müddətində göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində nəzərdə tutulan imtina ilə bağlı iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver