Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Sənaye nümunəsinə məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər aiddir. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər.

2. Yeni və orijinal olan sənaye nümunəsinə hüquqi mühafizə verilir.

3. Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin, xətlərin quraşması, məmulatın konturları, məmulatın materialının tekstura və ya fakturası) onun ilkinlik tarixinə qədər dünyada mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir.

Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.

4. Sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi günə kimi 6 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.

5. Məmulatın zahiri görkəminin xüsusiyyətləri müəllifin (şərikli müəlliflərin) yaradıcı əməyi ilə şərtlənərsə, sənaye nümunəsi orijinal hesab edilir.

5-1. Məmulatın istehlakçını yanılda bilən, o cümlədən məmulatın istehsalçısı və ya istehsal olunduğu yer, habelə məmulatın tara, qablaşdırma, etiket kimi xidmət etdiyi əmtəə barədə istehlakçıda yanlış təsəvvür yarada bilən bədii-konstruktiv həllərə yalnız onlara müstəsna hüququ olan şəxs müraciət etdiyi hallar istisna olmaqla, sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir.

6. Aşağıdakılar sənaye nümunəsi sayılmır:

Məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər;

arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa);

sənaye, hidrotexniki və başqa stasionar qurğular;

çap məhsulları;

maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər;

ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan sənaye nümunələri istisna olmaqla).

7. Aşağıdakıları özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir:

a) dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri;

b) beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;

c) təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;

ç) istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.

8. Bu maddənin 7-ci hissəsində göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver