10.1. Peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır.
10.2. Peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir.
10.3. Peşə təhsili müəssisəsi bu Qanunla müəyyən olunmuş peşə təhsili sahəsi üzrə məqsədlərin əlçatan, səriştələrin inkişafı və karyerayönlü fasiləsiz peşə təhsilini və təlimini həyata keçirir.
10.4. Peşə təhsili müəssisəsi təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində təcrübə proqramlarının həyata keçirilməsini təmin edə bilər.
10.5. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələri fəaliyyət göstərir.
10.6. Bu Qanuna uyğun olaraq fəaliyyət göstərən özəl peşə təhsili müəssisəsi digər mülkiyyət növündə peşə təhsili müəssisələri ilə bərabər hüquqlara malikdir və bu Qanuna uyğun olaraq peşə təhsili haqqında dövlət sənədi verir.
10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
10.8. Tədrisin daha effektiv təşkili məqsədi ilə təhsilalanların və sifarişçilərin istəyini nəzərə alaraq, dövlət təhsil standartlarına və təhsil proqramlarına (kurikulumlara) riayət etməklə tədris prosesinin təşkili ilə bağlı təhsil müəssisəsinin növbəlilik əsasında fəaliyyəti həmin təhsil müəssisəsinin rəhbəri tərəfindən müəyyən edilir.
10.9. Azərbaycan Respublikasında formal, qeyri-formal və informal peşə təhsili formaları tətbiq olunur.
10.10. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə uyğun olaraq həyata keçirilir.
10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd verilir.
10.12. Peşə təhsili müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq peşə yarışlarının qalibləri olan təhsilalanlar üçün peşə təhsili müəssisəsinin öz vəsaiti hesabına məqsədli təqaüdlər təsis edə bilər.
10.13. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, peşə təhsili müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
10.14. Dövlət və bələdiyyə peşə təhsili müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
10.15. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
10.16. Özəl peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
10.17. Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla təsdiq edilir.
10.18. Təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsilalanlar və ya onların qanuni nümayəndələri arasında münasibətlər müqavilə ilə tənzimlənir.
10.19. Peşə təhsili müəssisəsi qabaqcıl texnika və texnologiya ilə tanışlıq məqsədilə istehsalat təlimi üzrə mütəxəssislərini müvafiq müəssisələrə təcrübəyə göndərir.
10.20. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
10.21. Dövlət özəl və bələdiyyə peşə təhsili müəssisələrinin inkişafını dəstəkləyir və bu məqsədlə müvafiq dəstək mexanizmləri tətbiq edir. Bu dəstək mexanizmlərinin növləri, habelə tətbiqinin prinsipləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.22. Azərbaycan Respublikasında fəaliyyət göstərən peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.
10.23. Peşə təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir.