11.1. Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən, o cümlədən özəl müəssisə və təşkilatlarda və digər şəxslərdə istehsalat təlimi və təcrübəsi keçirlər.
11.2. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə təcrübə saatları üçün nəzərdə tutulmuş haqq ödənilir.
11.3. İşəgötürənin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlayır.
11.4. İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. On beş yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin razılığı ilə bağlanılır.
11.6. İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəyir.
11.7. İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir.