12.1. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
12.2. Peşə təhsili müəssisəsinin fəaliyyəti üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:
12.2.1. təşkilati struktur və nizamnaməyə malik olmaq;
12.2.2. ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq;
12.2.3. peşə təhsilinin dövlət standartlarına uyğun şəraitə, o cümlədən peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.
12.3 Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
12.3-1. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, həmçinin nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus peşə təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.
12.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.