Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Azərbaycan Respublikasında peşə təhsili müəssisəsi (dövlət peşə təhsili müəssisələri istisna olmaqla) təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır.

13.2. Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.

13.3. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

13.4. Peşə təhsili sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən lisenziyanın şərtləri pozulduqda, peşə təhsilinin dövlət standartının tələbləri yerinə yetirilmədikdə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda onların lisenziyası ləğv edilir.

13.5. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

13.6. Peşə təhsili müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.

13.7. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır.

13.8. Dövlət peşə təhsili müəssisələrində ümumi təhsil üzrə təhsilverənlərin sertifikatlaşdırılması, digər işçilərin isə attestasiyası keçirilir. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçirilir. Peşə təhsili müəssisəsinin işçilərinin attestasiyası (sertifikatlaşdırılması) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir.

13.9. Peşə təhsili müəssisəsinin akkreditasiyadan keçə bilməməsi onun lisenziyasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğvi üçün əsasdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver