Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə müraciət qaydası

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Bu Qanunun 18.2 və 18.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması haqqında qərarı yazılı ərizə (qərar) əsasında həkim-psixiatr qəbul edir.

19.2. Ərizə psixiatriya müayinəsindən keçməli olan şəxsin qohumları, qonşuları, işlədiyi müəssisənin müdiriyyəti, şəxsi müalicə edən istənilən tibbi ixtisası olan həkim tərəfindən verilə bilər, bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində görmüş olsunlar.

19.2-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilir.

19.3. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizə şəxsin qohumları və ya qonşuları tərəfindən verildikdə ən azı üç nəfərin imzası, işlədiyi müəssisənin müdiriyyəti tərəfindən verildikdə isə həmkarlar ittifaqı təşkilatının razılığı, habelə müəssisənin tibb xidmətinin (əgər belə xidmət mövcuddursa) rəhbərinin müvafiq rəyi olmalıdır. Ərizədə (qərarda) şəxsin psixiatriya müayinəsinə cəlb olunmasının zəruriliyini əsaslandıran ətraflı məlumat, şəxsin və ya onun qanuni nümayəndəsinin həkim-psixiatra müraciət etməkdən boyun qaçırması göstərilməlidir.

19.4. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizədə (qərarda) bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan halların mövcudluğunu göstərən məlumatların olmadığını müəyyənləşdirdikdə, həkim-psixiatr psixiatriya müayinəsinin aparılmasından yazılı surətdə imtina edir və imtinanın səbəblərini əsaslandırır. Psixiatriya müəssisəsi müdiriyyətinin qərar qəbul etmək üçün əlavə məlumatlar tələb etmək hüququ var.

19.5. Psixiatriya müəssisəsinin müdiriyyəti psixiatriya müayinəsinin zəruriliyi haqqında ərizəni (qərarı), habelə müayinənin aparılması barədə əsaslandırılmış rəyini şəxsin yaşadığı və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim edir.

19.6. Ərizə vermiş şəxslər ərizədə göstərilən məlumatlar üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver