Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. İnvestisiya xidmətləri üzrə sifarişlərin icrasına dair tələblər

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. İnvestisiya şirkətinin müştərilərinə təqdim etdiyi məlumatlar yanlış və təhrif edilmiş olmamalıdır.

38.2. İnvestisiya şirkəti müştərilərinə aşağıdakı məlumatları təqdim etməlidir:

38.2.1. investisiya şirkətinə və onun göstərdiyi xidmətlərə (əməliyyatlara) dair məlumat;

38.2.2. mövcud və ya əmələ gələ biləcək riskləri əks etdirməklə, təklif olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri və investisiya strategiyaları barədə məlumat;

38.2.3. sifarişlərin icra olunması yerləri;

38.2.4. sifarişlərin icra olunması ilə bağlı xərclər.

38.3. İnvestisiya şirkəti sifarişlərin icrasına dair daxili qaydalarını qəbul etməlidir. Bu qaydalarda müştərilərin sifarişlərinin icrasının ən yaxşı qiymət prinsipi əsasında həyata keçirilməsi müəyyən olunmalıdır.

38.4. İnvestisiya şirkəti sifarişlərin icrası qaydalarını müştərilərə açıqlamalıdır.

38.5. İnvestisiya şirkəti sifarişlərin icrasının və sifarişlərin icrası qaydalarının səmərəliliyinə nəzarət etməlidir. İnvestisiya şirkəti müştərilərin sorğusu əsasında sifarişlərin icrasının sifarişlərin icrası qaydalarına uyğun olaraq həyata keçirilməsinə dair məlumat verməlidir.

38.6. İnvestisiya şirkəti xidmətlər (əməliyyatlar) göstərilməsi üzrə sifarişi qəbul etdikdə, göstəriləcək xidmətlərin müştəriyə uyğun olmadığı təqdirdə, bu barədə müştəriyə xəbərdarlıq etməlidir.

38.7. İnvestisiya şirkəti xidmətlər (əməliyyatlar) göstərilməsini müştəri ilə bağlanmış, tərəflərin hüquq və vəzifələrini əks etdirən müqavilə ilə rəsmiləşdirir.

38.8. İnvestisiya şirkəti müştərilərin sifarişlərini icra edərkən aşağıdakıları təmin etməlidir:

38.8.1. müştərilərin sifarişlərinin uçotunu aparmaq;

38.8.2. sifarişlərin xüsusiyyətləri və üstünlük təşkil edən bazar şəraiti istisna olmaqla, müştərilərin sifarişlərini onların təqdimolunma ardıcıllığı ilə icra etmək;

38.8.3. müştərilərin sifarişlərini icra edərkən hər hansı çətinlik yarandıqda, bu barədə onlara məlumat vermək.

38.9. İnvestisiya şirkəti və onun aidiyyəti şəxsləri tərəfindən müştərilərin tamamlanmamış sifarişlərinə aid məlumatların istifadəsinə yol verilmir.

38.10. İnvestisiya şirkəti telefon və elektron vasitələrlə verilən müştərilərin sifarişlərini yazmalı və saxlamalıdır.

38.11. İnvestisiya şirkəti, portfelin idarə edilməsi xidmətinin göstərilməsi halları istisna olmaqla, müştərinin sifarişinin icrasından sonra növbəti iş günü və ya sifarişin icrasının təsdiqi haqqında məlumatı üçüncü şəxsdən aldığı gündən sonra növbəti iş günündən gec olmayaraq, sifarişin icrası barədə hesabatı müştəriyə təqdim etməlidir.

38.12. Müştərinin sifarişi bir neçə hissəyə bölünərək icra olunduqda, sifarişin icrası barədə hesabatda həmin sifarişin hər bir hissəsinin məbləği ayrı göstərilir və ya hər hissəyə düşən orta məbləğ göstərilir. İnvestisiya şirkəti hər hissəyə düşən orta qiyməti göstərdikdə, müştərinin sorğusu əsasında sifarişin icra olunan hər hissəsinin məbləği barədə həmin müştəriyə məlumat verir.

38.13. Müştərilərin sifarişlərinə, onların icrası və ya icrasının dayandırılmasına, habelə müştərilərə hesabatların təqdim edilməsinə dair qaydaları Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver