44.1. Kütləvi ticarət qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin qeyri-məhdud sayda alıcılara ilkin və ya təkrar təklifi nəticəsində bağlanan əqdlərdir.
44.2. Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarəti, kütləvi təklifi kraudfandinq platforması vasitəsilə həyata keçirilən investisiya qiymətli kağızları istisna olmaqla, fond birjası təşkil edir.
44.3. Fond birjası fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
44.4. Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarət yalnız qiymətli kağızların və törəmə maliyyə alətlərinin fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.
44.5. Kütləvi ticarətə qəbul olunmuş qiymətli kağızlar və törəmə maliyyə alətləri tənzimlənən bazarda investisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların vasitəçiliyi ilə alınıb-satılır.
44.6. Bu maddənin müddəaları bu Qanunun 30.5-ci və 30.5-1-ci maddələrində nəzərdə tutulmuş hallarda digər ticarət sistemində qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə kütləvi ticarətin həyata keçirilməsinə şamil olunmur.