Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Fond birjasının vəzifələri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Fond birjasının vəzifələri aşağıdakılardır:

45.1.1. təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi;

45.1.2. öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi;

45.1.3. qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi;

45.1.4. ticarət sistemlərinin istismarı və dəstəklənməsi;

45.1.5. qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili;

45.1.6. fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi;

45.1.7. öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi;

45.1.8. ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması;

45.1.9. öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması;

45.1.10. bu Qanunun 5-ci fəsli və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr.

45.2. Fond birjası aşağıdakı bazarların ticarətini təşkil edir:

45.2.1. dövlət qiymətli kağızları bazarının;

45.2.2. korporativ qiymətli kağızlar bazarının;

45.2.3. törəmə maliyyə alətləri bazarının.

45.3. Fond birjası daxili qaydalarının və ya ticarət şərtlərinin kobud şəkildə pozulması, habelə təşkil etdiyi bazarlarda sui-istifadə halları aşkar etdikdə, bu barədə Mərkəzi Banka məlumat verməlidir.

45.4. Fond birjası uzunmüddətli alqı-satqı əqdləri (alışı və satışı arasında müddət altı aydan çox olan) istisna olmaqla, qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarət edə, habelə onlarla ticarətə dair investisiya məsləhəti verə bilməz.

45.5. Fond birjası qiymətli kağızlar bazarının inkişafı üçün maarifləndirici və təşviqat fəaliyyəti ilə məşğul ola, bazar məlumatlarının satışını təşkil edə bilər.

45.6. Ticarətə birbaşa və ya dolayı yolla çıxışı olan fond birjasının işçiləri, habelə onların bu Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq aidiyyəti şəxs olan qohumları həmin fond birjasında ticarətdə iştirak edə bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver