46.1. Fond birjası ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:
46.1.1. fond birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin keçirilməsi qaydalarını;
46.1.2. qiymətli kağızların və törəmə maliyyə alətlərinin ticarətə buraxılması, ticarətin dayandırılması və ticarətdən çıxarılması şərtləri və prosedurunu;
46.1.3. qiymətli kağızların və törəmə maliyyə alətlərinin listinqə daxil olunması, listinqdə saxlanması və listinqdən çıxarılması (delistinq) qaydalarını;
46.1.4. fond birjasında əqdlərin bağlanması və onların ləğv edilməsi qaydalarını;
46.1.5. fond birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə qiymətlərin müəyyən edilməsi üsullarına dair qaydaları;
46.1.6. fond birjasında ticarət günləri və ticarət saatlarına dair tələbləri;
46.1.7. tətbiq edilən fond indekslərinin hesablanma qaydasını;
46.1.8. fond birjasının üzvlərinə dair (üzvlüyə daxilolma, üzvlükdən çıxarılma və fəaliyyət) tələbləri müəyyən edən qaydalarını;
46.1.9. fond birjasında məlumatların saxlanılması, açıqlanması, qorunması və informasiya təhlükəsizliyi qaydalarını;
46.1.10. sui-istifadə hallarının qarşısının alınması qaydalarını;
46.1.11. fond birjası əməkdaşlarının etik davranışı və onların xidməti məlumatlardan istifadə etməsi qaydalarını;
46.1.12. fond birjasında mübahisəli məsələlərin həllinə dair qayda və prosedurları;
46.1.13. fond birjasında təşkil olunan bazarların qorunması üzrə tədbirlər prosedurunu;
46.1.14. üzvləri tərəfindən fond birjasının daxili qaydalarına riayət edilməməsinə görə məsuliyyət müəyyən edən qaydaları.
46.2. Fond birjası öz daxili qaydalarını və ya onlara edilmiş dəyişiklikləri qəbul edildiyi tarixdən beş iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir. Mərkəzi Bank fond birjasının daxili qaydalarında bu Qanunun tələblərinə uyğun gəlməyən müddəalar aşkar etdikdə, həmin qaydaları və ya onlara edilmiş dəyişiklikləri aldığı tarixdən iyirmi iş günü ərzində onlara müvafiq dəyişiklikləri edilməsini, əsasları göstərilməklə, fond birjasından tələb etməlidir.
46.3. Bu Qanunun 46.2-ci maddəsində göstərilən tələb fond birjasına təqdim edildikdən sonra on beş iş günündən gec olmayaraq daxili qaydalara müvafiq dəyişikliklər edilməli və Mərkəzi Banka bu barədə məlumat verilməlidir. Daxili qaydalar və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq fond birjası tərəfindən açıqlanmalıdır.