Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 47

Maddə 47. Fond birjasının üzvləri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

47.1. Fond birjasının üzvləri fond birjasının daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan investisiya şirkətləri, investisiya fondlarının idarəçiləri və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklardır. Fond birjasının ən azı 3 üzvü olmalıdır.

47.2. Fond birjasının üzvləri investisiya şirkətinin fəaliyyəti üzrə, investisiya fondlarının idarə edilməsi fəaliyyət növü üzrə və ya bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada alınmış lisenziyaya malik olmalı, onların ödəniş qabiliyyətinə, müvafiq təşkilati mexanizmlərə və fəaliyyətlərinin təşkilinə dair fond birjasının daxili qaydaları ilə müəyyən edilən tələblərə cavab verməlidir.

47.3. Fond birjası öz daxili qaydaları ilə müəyyən edilmiş üzvlük tələblərinə cavab verən investisiya şirkətinin, investisiya fondunun idarəçisinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın müraciəti tarixindən bir ay ərzində həmin investisiya şirkətini, idarəçini və bankı üzvlüyə qəbul edir.

47.4. Fond birjası Mərkəzi Banka aşağıdakılar barəsində məlumat verməlidir:

47.4.1. üzvlər fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;

47.4.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin Mərkəzi Bank tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə.

47.5. Fond birjası bütün üzvlərinə ticarət etmək üçün bərabər şərait yaratmalıdır.

47.6. Fond birjası öz üzvlərinin fond birjasının daxili qaydalarına riayət etməsinə və sui-istifadə hallarına yol verməməsinə nəzarət etməlidir.

47.7. Fond birjası üzvlərinin siyahısını və həmin siyahıda baş verən hər hansı dəyişikliklər barədə məlumatı bir iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

47.8. Fond birjasında üzvlüyə aşağıdakı hallarda xitam verilir:

47.8.1. üzvün müraciəti əsasında;

47.8.2. fond birjasının üzvü olan investisiya şirkətinin lisenziyası, investisiya fondunun idarəçisinin lisenziyası və ya bankın bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada alınmış lisenziyası ləğv edildikdə;

47.8.3. fond birjasının müvafiq orqanının qərarı ilə birja üzvünün birja qaydalarını pozduğu və ya birjanın tələblərinə cavab vermədiyi müəyyən edildikdə;

47.8.4. fond birjasının üzvü fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;

47.8.5. fond birjasının fəaliyyətinə xitam verildikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver