61.1. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı (bundan sonra – lisenziyalaşdırılan şəxslər) səhmdar cəmiyyəti formasında yaradılır.
61.2. Lisenziyalaşdırılan şəxslərin adında müvafiq olaraq “investisiya şirkəti”, “fond birjası”, “klirinq təşkilatı” və ya “investisiya fondunun depozitarı” sözləri olmalıdır. Azərbaycan Respublikasında “investisiya şirkəti”, “fond birjası”, “klirinq təşkilatı” və “investisiya fondunun depozitarı” sözlərindən öz adında yalnız bu Qanunun 61-ci maddəsinə uyğun olaraq yaradılmış, müvafiq lisenziyaya malik olan hüquqi şəxslər istifadə edə bilərlər.
61.3. Lisenziyalaşdırılan şəxslər Mərkəzi Bankın verdiyi lisenziya əsasında fəaliyyət göstərirlər.
61.4. Lisenziyalaşdırılan şəxslərin baş idarəsi Azərbaycan Respublikasının ərazisində yerləşməlidir.
61.5. Lisenziyalaşdırılan şəxsləri səhmdarların ümumi yığıncağının qərarı ilə yaradılmış müşahidə şurası və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1.3-cü maddəsinə uyğun olaraq yaradılmış icra orqanı idarə edirlər.
61.6. Lisenziyalaşdırılan şəxslərin üzvləri (olduqda) haqqında məlumatlar mediada açıqlanmalıdır.
61.7. Fond birjasının və klirinq təşkilatının üzvü olan investisiya şirkətlərinin, investisiya fondlarının idarəçilərinin və bankların, kraudfandinq platformasının operatorunun, onların kənar auditorunun işçiləri, habelə onların aidiyyəti şəxsləri həmin fond birjasının və klirinq təşkilatının icra orqanının üzvü ola bilməzlər.
61.8. Lisenziyalaşdırılan şəxslər yalnız adi adlı səhmlər buraxa bilərlər.
61.9. Lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarını Mərkəzi Bank müəyyən edir.
61.10. Fond birjasının və klirinq təşkilatının xidmət haqları haqqında məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.
61.10-1. Lisenziyalaşdırılan şəxslər göstərdiyi investisiya xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
61.11. Lisenziyalaşdırılan şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib etməlidirlər.
61.12. Lisenziyalaşdırılan şəxslər mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir. Lisenziyalaşdırılan şəxslər maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər. Lisenziyalaşdırılan şəxslər illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidirlər.
61.13. Lisenziyalaşdırılan şəxslər maliyyə vəziyyətinin istənilən vaxt qiymətləndirilməsi üçün maliyyə hesabatlarının və müvafiq sənədlərin saxlanılmasını təmin etməlidirlər.
61.14. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurası kənar auditor təyin edir. Lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələbləri Mərkəzi Bank müəyyən edir.
61.15. Lisenziyalaşdırılan şəxslər kənar auditoru təyin etdiyi gündən sonra yeddi iş günü ərzində bu barədə (auditorun adı və ünvanı göstərilməklə) Mərkəzi Banka yazılı məlumat verməlidirlər.
61.16. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurasının və icra orqanının üzvləri, habelə lisenziyalaşdırılan şəxslərin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
61.17. Lisenziyalaşdırılan şəxslərin icra orqanının üzvlərinin şəxsi marağı ilə lisenziyalaşdırılan şəxslərin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə lisenziyalaşdırılan şəxslərin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
61.18. Mərkəzi Bank qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla, onlar üçün təyin edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.