62.1. Eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahib ola bilməz.
62.2. Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmdarlarının hər biri fond birjasının səhmlərinin 20 faizindən çox hissəsinə birbaşa və dolayı yolla sahib ola bilməz.
62.3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər lisenziyalaşdırılan şəxslərin səhmdarları ola bilməzlər.
62.4. Lisenziyalaşdırılan şəxslərin mühüm iştirak payının sahibləri, habelə bu Qanunun 62.5-ci maddəsində göstərilən payları almaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
62.4.1. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır (fiziki şəxslər üçün);
62.4.2. fəaliyyət göstərdiyi sahə üzrə prudensial normativlərə (olduqda) riayət etməlidir və icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır (hüquqi şəxslər üçün);
62.4.3. bu Qanunun 62.1-62.3-cü maddələrində nəzərdə tutulan tələblərə uyğun olmalıdırlar;
62.4.4. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və həmin dövlətlərdə (ərazilərdə) qeydiyatdan keçən hüquqi şəxslər olmamalıdır.
62.5. İstənilən şəxs lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 25, 50 və 75 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını yalnız Mərkəzi Bankın razılığı əsasında əldə edir.
62.6. Bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulan razılığın alınması üçün müraciət edilən zaman aşağıdakı sənədlər və məlumatlar Mərkəzi Banka təqdim edilməlidir:
62.6.1. alıcı hüquqi şəxs olduqda:
62.6.1.1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər, habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər;
62.6.1.1-1. icra orqanlarının rəhbərlərinin vətəndaş qüsursuzluğuna dair məlumat. Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;
62.6.1.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının təsdiq edilmiş surəti;
62.6.1.3. digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumat;
62.6.1.4. hüquqi şəxs olan iştirakçının mühüm iştirak paylarının sahibləri haqqında məlumat, o cümlədən belə mühüm iştirak payı sahiblərinin:
1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında müvafiq sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
2. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
3. son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditorun müvafiq rəyi əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;
4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumat və sənədlər (olduqda), onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin fiziki şəxs əcnəbi olduqda isə, yuxarıda göstərilən sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
5. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumat;
62.6.1.5. Mərkəzi Bankın müəyyən etdiyi formada benefisiar mülkiyyətçilər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
62.6.2. alıcı fiziki şəxs olduqda:
62.6.2.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən məlumat və sənədlər (olduqda), həmin şəxs əcnəbi olduqda isə həm də rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla), habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər;
62.6.2.2. onun vətəndaş qüsursuzluğuna dair məlumat;
Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir.
62.6.2.3. həmin şəxsin digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair məlumat;
62.6.3. alıcı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.
62.6-1. Bu Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
62.7. Mərkəzi Bank bu Qanunun 62.6-cı maddəsində göstərilən müraciətə otuz iş günü ərzində baxır və müraciət edən şəxs bu Qanunun 62.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdikdə razılıq verilməsi, əks halda isə belə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir və bu qərarı ona təqdim edir.
62.8. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən imtina edir:
62.8.1. bu Qanunun 62.6-cı maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 62.6-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumat tam olmadıqda və ya yanlış olduqda həmin sənədlərin on iş günü ərzində tam həcmdə təqdim edilməsi və ya dəqiqləşdirilməsinə dair Mərkəzi Bankın tələbi yerinə yetirilmədikdə;
62.8.2. mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri) və onların benefisiar mülkiyyətçiləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
62.8.3. mühüm iştirak pay sahiblərinin və onların benefisiar mülkiyyətçilərinin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;
62.8.4. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;
62.8.5. mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;
62.8.6. bu Qanunun tələblərinə digər uyğunsuzluqlar aşkar olunduqda.
62.9. Mərkəzi Bank qəbul etdiyi qərarda bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə icazə verdikdə, həmin payın əldə edilməsini təmin edən əqdlər bağlanılır. Mərkəzi depozitar lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalında bu Qanunun 62.5-ci maddəsində müəyyən edilmiş iştirak payının əldə edilməsi barədə Mərkəzi Bankın razılığı olmadan həmin əqdləri qeydiyyata almır. Bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə gətirib çıxaran əqdlər Mərkəzi Bankın razılığı olmadan bağlandıqda, həmin əqdlər bağlandığı andan etibarsız hesab edilir.
62.10. Mərkəzi Bank mühüm iştirak paylarının sahibləri və mühüm iştirak payını əldə etmək niyyətində olan şəxslər barəsində bu Qanunun 67.3-cü maddəsinə müvafiq olaraq dövlət orqanlarından məlumat ala bilər.
62.11. Mühüm iştirak payının alınması barədə Mərkəzi Bankın verdiyi razılıqda mühüm iştirak payının alınmasının son müddəti göstərilir.