79.1. İnsayderlərə aşağıdakı şəxslər aiddir:
79.1.1. emitentin orqanlarının və audit komitəsinin üzvləri;
79.1.2. benefisiar mülkiyyətçilər;
79.1.3. insayd məlumatı tutduğu vəzifəyə, müqaviləyə əsasən, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
79.1.4. emitentin icra orqanının səlahiyyətlərini müqaviləyə əsasən həyata keçirən şəxs;
79.1.5. emitentin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla malik olan şəxs;
79.1.6. insayd məlumatı qeyri-qanuni yolla əldə etmiş şəxs;
79.1.7. insayd məlumatı müqavilə əsasında, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
79.1.8. bu Qanunun 79.1.4-cü və 79.1.5-ci maddələrində göstərilən şəxslər hüquqi şəxs olduqda, onun hesabına əqdin bağlanması qərarının verilməsində iştirak edən şəxs;
79.1.9. bu Qanunun 79.1.1-79.1.5-ci maddələrində göstərilən şəxslərin yaxın qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları).
79.2. İnsayderlərin aşağıdakıları etməsinə yol verilmir:
79.2.1. özünün və ya digər şəxslərin hesabına insayd məlumatdan istifadə etməklə birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirməyə və ya belə əqdlərin bağlanmasına cəhd etməyə;
79.2.2. xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatı ötürməyə;
79.2.3. insayd məlumat əsasında digər şəxslərin qiymətli kağızlar və törəmə maliyyə alətləri almağa (satmağa) və ya almaqdan (satmaqdan) imtinaya təhrik edilməsinə və ya onlara tövsiyələr verilməsinə.
79.3. Bu Qanunun 79.2.1-ci maddəsi insayd məlumata malik olmazdan əvvəl bağlanmış müqavilədən irəli gələn qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması və ya satılması üzrə öhdəliklərin icra edilməsi üçün həyata keçirilən əqdlərə şamil edilmir.