Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 80

Maddə 80. İnsayd məlumatın açıqlanması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

80.1. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər onlara məxsus insayd məlumatların həmin məlumatlar yarandığı andan dərhal ictimaiyyətə açıqlanmasını təmin etməlidir.

80.2. Emitentin açıqladığı məlumat dəqiq və səlis ifadə olunmalıdır. Natamam, qeyri-dəqiq, təhrif edilmiş və ikimənalı məlumatın açıqlanmasına yol verilməməlidir.

80.3. Emitent insayd məlumatın açıqlanmasına, açıqlanmış məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.

80.4. Emitent öz qanuni maraqlarının qorunması və mümkün olan zərərin qarşısının alınması üçün məsuliyyəti öz üzərinə götürməklə, insayd məlumatın açıqlanmasını çaşqınlıq yaratmamaq və həmin məlumatın konfidensiallığını təmin etmək şərti ilə aşağıdakı hallarda müvəqqəti təxirə sala bilər:

80.4.1. məlumatın açıqlanması aparılan danışıqların gedişatına və ya nəticəsinə ciddi təsir edə bildikdə;

80.4.2. məlumatın açıqlanması nəticəsində emitentin maliyyə vəziyyətinin ağırlaşması təhlükəsi olduqda və ya iflas prosesində olmayan emitentin maliyyə vəziyyətinin uzunmüddətli bərpasını təmin etmək üzrə aparılan danışıqların nəticəsinə təsir etməklə, onun investorlarının mənafelərini təhlükə altına sala bildikdə;

80.4.3. emitentin orqanı tərəfindən qəbul edilmiş qərar və ya imzalanmış müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığı tələb edildikdə.

80.5. Emitent bu Qanunun 80.4.3-cü maddəsində göstərilən qərar və ya müqavilə haqqında məlumatı açıqladıqda, məlumatda həmin qərarın və ya müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığının gözlənildiyi barədə qeyd etməlidir.

80.6. Emitent bu Qanunun 80.4-cü maddəsi ilə müəyyən edilmiş hallarda insayd məlumatın açıqlanmasının təxirə salınması haqqında qərar qəbul etdikdə, bu barədə dərhal, səbəbləri göstərilməklə, Mərkəzi Banka məlumat təqdim etməlidir. Mərkəzi Bank məlumatların açıqlanmasının təxirə salınması səbəblərinin bu Qanunun 80.4-cü maddəsinin tələblərinə uyğun olmadığını müəyyən etdikdə, üç iş günü ərzində emitentin həmin məlumatı açıqlamasını tələb edir.

80.7. Açıqlanması təxirə salınmış insayd məlumat emitent və ya birbaşa, yaxud dolayı yolla onun adından çıxış edən şəxs tərəfindən üçüncü şəxsə təqdim edildikdə, emitent həmin məlumatı dərhal ictimaiyyətə açıqlamalıdır. Açıqlanması təxirə salınmış insayd məlumat həmin məlumatın müqavilə əsasında qorunmasını təmin etmək öhdəliyi olan üçüncü şəxsə təqdim edildikdə, bu məlumatın açıqlanması tələb olunmur.

80.8. İnsayd məlumatın açıqlanması və Mərkəzi Banka təqdim edilməsi qaydasını Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver