Qanunvericilik › Azərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 101

Maddə 101. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

101.1. Referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra — səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Məcəllənin 99.2 — 99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına bu Məcəllənin 99.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.

101.3. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.

101.4. Dairə seçki komissiyası səsvermə vəsiqələrinin reyestrini tərtib edir. Həmin reyestrdə səsvermə vəsiqəsi alan seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir. Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası məntəqə seçki komissiyalarına seçicilərin siyahıları ilə birlikdə göstərilən reyestrdən təsdiq edilmiş çıxarışları göndərir. Məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər.

101.5. Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir.

101.6. Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.

101.7. Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır.

101.8. Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir.

101.9. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.

101.10. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver