18.1. Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:
18.1.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası (bundan sonra — Mərkəzi Seçki Komissiyası);
18.1.2. dairə seçki (referendum) komissiyaları (bundan sonra — dairə seçki komissiyaları);
18.1.3. məntəqə seçki (referendum) komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları).
18.2. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
18.3. Seçki komissiyaları Azərbaycan Respublikası Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanlarıdır (bu Məcəllənin 35.4-35.6-cı maddələrində göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla).