21.1. Qeydə alınmış namizəd və ya namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları seçkilər zamanı, referendum üzrə təşviqat qrupları isə referendum zamanı müvafiq seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv qismində aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşını təyin edə bilərlər.
21.2. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş namizədi təmsil edən məşvərətçi səs hüquqlu seçki komissiyası üzvü həmin siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilir.
21.3. Qeydə alınmış namizədlər, namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyalar blokları, referendum üzrə təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu üzvləri müvafiq seçki komissiyası 3 gün müddətində təsdiq edir.
21.4. Siyasi partiyalar və ya referendum üzrə təşviqat qrupları birləşərsə, bir məşvərətçi səs hüquqlu üzv qalmaqla, digər məşvərətçi səs hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən geri çağırılır. Bu tələb siyasi partiya və ya referendum üzrə təşviqat qrupu tərəfindən yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası geri çağırılmalı olan məşvərətçi səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric edir.