10.1. Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.
10.2. Təkrarsığorta fəaliyyəti sığortaçı tərəfindən digər sığortaçılardan sığorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, təkrarsığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
10.3. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin sığortalanması yalnız yerli sığortaçılar tərəfindən həyata keçirilir.
10.3-1. Kommersiya məqsədli beynəlxalq dəniz və hava daşımaları ilə, həmçinin kosmik uçuşlar, daşımalar və qurğularla (peyklər də daxil olmaqla) əlaqəli sığorta riskləri (daşınan yüklər, yükləri daşıyan nəqliyyat vasitələri və bunlarla bağlı hər hansı mülki məsuliyyət də daxil olmaqla) xarici sığortaçılar tərəfindən sığortalana bilər.
10.4. Sığortalılar sığortaçıları seçməkdə sərbəstdirlər.
10.5. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin yerli sığortaçılarda sığorta və ya təkrarsığorta etdirilməsində yalnız yerli sığorta brokerlərinin vasitəçiliyindən istifadə olunmalıdır.
10.6. Sığortaçılar Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə riskləri yerli sığortaçılarda və ya Mərkəzi Bankın müəyyən etdiyi hədlərdə və tələblərə cavab verən xarici sığortaçılarda təkrarsığorta etdirə bilərlər. Belə təkrarsığorta birbaşa, yerli sığorta brokerləri və ya bu Qanunun tələblərinə cavab verən, xarici sığortaçılarda təkrarsığorta etdirmə zamanı bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sığorta brokerləri vasitəsilə həyata keçirilə bilər.
10.7. Sığortaçıların Azərbaycan Respublikasından xaricdə filial və nümayəndəlikləri yalnız Mərkəzi Bankın razılığı ilə açıla bilər.
10.8. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə sərəncam verə bilməzlər.
10.9. Sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.
10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
10.11. Hər bir sığortaçı öz fəaliyyəti, habelə göstərdiyi sığorta xidmətləri barədə məlumatların elektron qaydada yayılması, şikayət və müraciətlərin bu qaydada qəbul edilməsi üçün rəsmi internet səhifəsinə, həmçinin bağladığı sığorta və təkrarsığorta müqavilələrinə aid məlumatların elektron qaydada daxil edilməsi, emal olunması və saxlanılmasına imkan verən elektron informasiya sisteminə malik olmalıdır. Sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.