Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sığortaçının fəaliyyət istiqamətləri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Sığorta, bu Qanunun 11.4-cü maddəsində müəyyən edilmiş halda isə həmçinin təkrarsığorta fəaliyyəti sığortaçının, müstəsna olaraq təkrarsığorta fəaliyyəti isə təkrarsığortaçının həyata keçirdiyi əsas fəaliyyət növüdür.

11.2. Sığortaçı və təkrarsığortaçı əsas fəaliyyətlərindən başqa, yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

11.2.1. mütəxəssislərin ixtisasının artırılması məqsədilə sığorta bazarının peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi;

11.2.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

11.2.3. informasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;

11.2.4. sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətlərinin göstərilməsi;

11.2.5. müştərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi;

11.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardımın göstərilməsi.

11.3. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.

11.4. Hər hansı bir sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı həmin sığorta növünün əhatə etdiyi sığorta sinifləri üzrə təkrarsığorta fəaliyyətini bu Qanuna uyğun olaraq təkrarsığorta fəaliyyətinə alınmış ayrıca lisenziya əsasında həyata keçirə bilər.

11.4-1. İcbari sığorta növünü həyata keçirməyə icazəsi olmayan sığortaçı həmin növ üzrə təkrarsığorta fəaliyyəti göstərə bilməz.

11.5. Sığorta müqaviləsi üzrə sığortaçı sığorta etdiyi riskləri təkrarsığorta etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.

11.6. Təkrarsığortanın təşkili üçün sığortaçılar birgə fəaliyyət müqaviləsi əsasında təkrarsığorta daxılları təsis edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver