21.1. Heç bir şəxs, o cümlədən sığortaçının təsisçisi və səhmdarı Mərkəzi Bankın razılığı olmadan sığortaçının adi səhmlərini almaqla, onun nizamnamə kapitalında mühüm iştirak payına malik olması, həmçinin sığortaçının üzərində əhəmiyyətli nəzarəti həyata keçirməsi ilə nəticələnən müqavilə bağlaya bilməz.
21.1-1. Mühüm iştirak pay sahibi mövcud payını artıraraq səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə və 33 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını mühüm iştirak payı ilə bağlı bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla Mərkəzi Bankın razılığı ilə əldə edə bilər.
21.2. Şəxs sığortaçıda müvafiq iştirak payını tam və ya qismən bu Qanunun tələblərini pozmaqla əldə edərsə, Mərkəzi Bank həmin payın və ya onun müvafiq hissəsinin müəyyənləşdirdiyi müddət ərzində ləğv edilməsi barədə şəxsə yazılı göstəriş verir.
21.3. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə sığortaçının nizamnamə kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya sığortaçı tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:
21.3.1. fiziki şəxs və ya hüquqi şəxsin icra orqanlarının rəhbər işçilərindən hər hansı biri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
21.3.2. sığortaçının maliyyə sağlamlığına və ya onun etibarlı və prudensial idarə olunmasına təhlükə törədə bilən dərəcədə sığortaçıya təsir göstərildikdə;
21.3.3. xarici sığortaçının və ya bu Qanunun 20.1-2-ci maddəsində müəyyən edilmiş xarici institusional investorun əsas fəaliyyətini həyata keçirməyə hüquq verən rəsmi sənəd (lisenziya, icazə və s.) ləğv edildikdə.