22.1. Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs Mərkəzi Bankdan razılıq almaq üçün bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədləri, həmçinin aşağıdakı sənədləri və məlumatları əlavə etməklə Mərkəzi Banka yazılı müraciət etməlidir:
22.1.1. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən sənəd və məlumatlar (olduqda), habelə mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatları, xarici fiziki şəxsə münasibətdə isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
22.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən hüquqi şəxs olduqda dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və müstəqil auditorun rəyini əks etdirən müvafiq sənədlər, mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatlar, xarici hüquqi şəxsə münasibətdə isə həmçinin icra orqanının rəhbər işçilərinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
22.1.3. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), həmçinin xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, belə sənəd xarici ölkədən əldə edildikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.
22.2. Mərkəzi Bank bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən təqdim olunmuş sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya bu Qanuna uyğunsuzluq aşkar edərsə, müraciəti aldığı tarixdən etibarən 15 iş günü müddətində müraciət edəndən əlavə məlumatı, sənədi və ya izahatı yazılı şəkildə tələb etməlidir.
22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə Mərkəzi Bank onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilməsi barədə qərar qəbul edir. Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, habelə aşağıdakı hallarda Mərkəzi Bank razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir:
22.5.1. mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxslər (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbər işçiləri) məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
22.5.2. mühüm iştirak payı sahiblərinin və əhəmiyyətli nəzarətə malik şəxslərin və onların benefisiar mülkiyyətçilərinin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;
22.5.3. mühüm iştirak payının və əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;
22.5.4. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.
22.6. Mərkəzi Bank bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciəti və ya müvafiq halda 22.2-ci maddəsində nəzərdə tutulmuş əlavə məlumatı, sənədi, izahatı aldığı tarixdən etibarən 30 iş günü müddətində bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini müraciət edənə göndərir.
22.7. Mərkəzi Bankın bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini bu Qanunun 22.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə müraciət edənə göndərməməsi qeyd olunan mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmağa Mərkəzi Bankın razılığı kimi qiymətləndirilir.