28.1. Direktorlar Şurası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 28.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
28.2. Direktorlar Şurasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Direktorlar Şurasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
28.3. Sığortaçının və ya ona aidiyyəti olan şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya ona aidiyyəti olan şəxsin hər hansı səhminə malik olmayan şəxs Direktorlar Şurasının müstəqil üzvü seçilə bilər.
28.4. Direktorlar Şurasının sədri sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən şuranın üzvləri sırasından seçilir. Direktorlar Şurasının sədri sığortaçının digər idarəetmə orqanında (Audit Komitəsi istisna olmaqla) vəzifə tuta bilməz.
28.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, aşağıdakı şəxslər də Direktorlar Şurasının üzvü ola bilməzlər:
28.5.1. bir sığortaçının digərində əhəmiyyətli nəzarətə və ya mühüm iştirak payına malik olduğu və ya sığortaçıların hər birinin səhmlərinin 50 faizi və ya daha çox hissəsinin eyni səhmdarlara məxsus olduğu hallarda, həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının Direktorlar Şurası üzvünün yalnız qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən həmin sığortaçılardan birində, qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının Direktorlar Şurası üzvünün isə yalnız həyat sığortası sahəsində fəaliyyət göstərən həmin sığortaçılardan birində Direktorlar Şurasının üzvü olması istisna olmaqla, digər sığortaçının idarəetmə orqanının üzvləri;
28.5.2. sığortaçı olmayan üç (müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beş) və ya daha çox hüquqi şəxsin idarəetmə orqanının üzvü olan şəxslər.
28.6. Bu Qanunun 28.5-ci maddəsində göstərilən şəxslər Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilməlidirlər.
28.7. Direktorlar Şurası iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası sığortaçının nizamnaməsi və ya Direktorlar Şurası haqqında əsasnamə ilə müəyyən edilir.
28.8. Direktorlar Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Direktorlar Şurasının iclaslarında üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir.