Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Sığortaçının Direktorlar Şurasının səlahiyyətləri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

29.1.1. sığortaçının idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən sığortaçının İdarə Heyətindən və Audit Komitəsindən hesabatlar almaq;

29.1.1-1. Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;

29.1.2. Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;

29.1.3. bildirişlər göndərmək yolu ilə Səhmdarların Ümumi Yığıncağının iclaslarını çağırmaq və səhmdarların, İdarə Heyətinin və Audit Komitəsinin tələbi ilə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini müəyyən etmək;

29.1.4. İdarə Heyətinin və Audit Komitəsinin iclaslarını çağırmaq;

29.1.5. sığortaçı tərəfindən qanuna əməl edilməməsi faktını müəyyən etdikdə pozuntunun aradan qaldırılmasını təmin edən tədbirlər görməklə Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Audit Komitəsinin bu barədə xəbərdar etmək;

29.1.6. Direktorlar Şurasının və İdarə Heyətinin üzvlərindən başqa (bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı müvafiq səlahiyyətlərin Direktorlar Şurasına verildiyi hallar istisna olmaqla) sığortaçının digər rəhbər işçilərini təyin etmək və onların əmək haqlarının miqdarını müəyyən etmək;

29.1.7. İdarə Heyətinin hər hansı bir üzvünün fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə onu vəzifədən azad edərək İdarə Heyətinin yeni üzvü təsdiq edilənədək müvafiq vəzifənin icrası üçün bu Qanunun tələblərinə cavab verən digər şəxsi müvəqqəti seçmək;

29.1.8. öz üzvləri arasında, öz üzvləri ilə İdarə Heyətinin üzvləri arasında, həmçinin İdarə Heyətinin üzvlərinin öz aralarında baş verən mənafe toqquşmalarının tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirmək və təsdiq etmək;

29.1.9. sığortaçının biznes strategiyasını müəyyən etmək;

29.1.10. sığortaçının daxili nəzarət sistemini təşkil edən qayda və prosedurları aşağıdakı prinsiplər əsasında təsdiq etmək:

29.1.10.1. sığortaçının fəaliyyətinin Direktorlar Şurasının müəyyən etdiyi strategiyaya və qaydalara uyğun həyata keçirilməsi;

29.1.10.2. sığorta əməliyyatlarının yalnız lisenziyaya müvafiq qaydada aparılması;

29.1.10.3. sığortaçının aktivlərinin təhlükəsizliyinin təmin edilməsi;

29.1.10.4. verilən məlumatların mühasibat uçotunda tam, dəqiq, dürüst, yoxlanıla bilən formada və vaxtında əks etdirilməsi;

29.1.10.5. rəhbər işçilərin sahibkarlıq risklərini müəyyən etmək, qiymətləndirmək, tənzimləmək, belə risklər üçün kapitalın müvafiq səviyyəsini saxlamaq bacarığına malik olması;

29.1.10.6. sığortaçının fəaliyyəti zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsini təmin etmək;

29.1.11. sığortaçının kapital ehtiyatlarının formalaşdırılması haqqında qərar qəbul etmək;

29.1.12. sığortaçının nizamnaməsində nəzərdə tutulmuş hallarda sığortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;

29.1.13. sığortaçının fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin daxili yoxlanması barədə qərar qəbul etmək;

29.1.14. müstəqil və ya daxili auditorların, habelə Mərkəzi Bankın yoxlamalarının nəticələrinə baxmaq, bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;

29.1.15. qanunla, həmçinin sığortaçının nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

29.2. Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar Səhmdarların Ümumi Yığıncağının iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.

29.3. Sığortaçının məsul aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver