30.1. Sığortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır:
30.1.1. öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün sığortaçının maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, sığortalılarla ədalətli rəftar olunmasına, sığortaçının biznesinin və digər əməliyyatlarının idarə olunmasına nəzarət etmək;
30.1.2. sığortaçının mənafelərinə uyğun gəlməyən halların aradan qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş aidiyyəti şəxslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı təsdiq etmək;
30.1.3. müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək;
30.1.4. əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin daxili siyasətini və qaydalarını təsdiq etmək;
30.1.5. böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və əvvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;
30.1.6. təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın etibarlığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə şəxsi tutumun və hər bir sığorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və təkrarsığortanın sığortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq etmək;
30.1.7. sığortaçının bu Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək;
30.1.8. sığortaçı tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Audit Komitəsini məlumatlandırmaq, Mərkəzi Banka isə sığorta qanunvericiliyinin və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları barədə bildiriş göndərmək.