32.1. Sığortaçının Audit Komitəsi üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
32.2. Audit Komitəsinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Audit Komitəsinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
32.3. Sığortaçının və ya ona aidiyyəti olan şəxsin idarəetmə orqanının üzvü (eyni sığortaçının Direktorlar Şurasının müstəqil üzvü istisna olmaqla) olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya ona aidiyyəti olan şəxsin hər hansı səhminə malik olmayan şəxs Audit Komitəsinin müstəqil üzvü seçilə bilər.
32.3-1. Sığortaçının səhmdarları və İdarə Heyətinin üzvləri onun Audit Komitəsinin üzvü ola bilməz. Bu Qanunun 32.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sığortaçının Direktorlar Şurasının üzvü (sığortaçının səhmdarı olan Direktorlar Şurasının üzvü istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilər.
32.4. Direktorlar Şurası tərəfindən Audit Komitəsinin üzvləri seçilir. Direktorlar Şurası Audit Komitəsinin üzvlərindən birini Audit Komitəsinin sədri təyin edir. Audit Komitəsinin sədrinin səlahiyyətləri sığortaçının nizamnaməsi və Audit Komitəsi haqqında əsasnamə ilə müəyyən edilir.
32.5. Audit Komitəsinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
32.6. Audit Komitəsinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Audit Komitəsinin sədrinin səsi həlledici sayılır.