Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunan sənədlər

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

44.1. Lisenziya verilməsi üçün ilkin müraciət edilərkən bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlarla yanaşı, aşağıdakı sənədlər və məlumatlar təqdim edilməlidir:

44.1.1. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin bu Qanuna uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət;

44.1.2. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;

44.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:

44.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

44.1.3.2. təsis sənədlərinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiqlənmiş surəti;

44.1.3.3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;

44.1.3.4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;

44.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;

44.1.4-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçilərin xarici hüquqi təsisatın idarəçisi olmasını təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), həmçinin xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, belə sənəd xarici ölkədən əldə edildikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;

44.1.5. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;

44.1.6. sığortaçının təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, sığortaçıda mühüm iştirak payı sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə sığortaçıda mühüm iştirak payı sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında sənədlər və məlumatlar;

44.1.6-1. Mərkəzi Bankın müəyyən etdiyi formada sığortaçının səhmdarları arasındakı münasibətlər və sığortaçının benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi xarici fiziki şəxs olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

44.1.7. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:

44.1.7.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;

44.1.7.2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;

44.1.7.3. sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;

44.1.7.4. marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;

44.1.7.5. təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;

44.1.7.6. təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;

44.1.7.8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;

44.1.7.9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;

44.1.7.10. daxili nəzarət mexanizmlərinin təsviri;

44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin sığortaçıda və ya digər hüquqi şəxslərdə mühüm iştirak payları göstərilməklə siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər xarici fiziki şəxs olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

44.2. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən sığortaçının kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbər işçilərinin), benefisiar mülkiyyətçilərin və rəhbər işçilərin məqbul və lazımi keyfiyyətlərə malik olması və sığortaçının nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

44.2-1. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

44.2-2. Bu Qanunun 44.2-ci və 44.2-1-ci maddələri sonradan sığortaçıda mühüm iştirak payını və əhəmiyyətli nəzarəti əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbər işçilərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan rəhbər işçilərə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver