60.1. Sığortaçı adında dəyişiklik edildikdə belə dəyişikliyin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə sənədi aldıqdan sonra 5 iş günü müddətində, lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda isə, onun etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində dərhal elan dərc etdirməklə lisenziyanın yenilənməsi üçün Mərkəzi Banka müraciət etməlidir.
60.2. Sığortaçının adında dəyişiklik edildikdə lisenziyanın yenilənməsi ilə bağlı müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
60.2.1. sığortaçının adının dəyişdirilməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
60.2.2. dəyişiklik edilmiş nizamnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
60.2.3. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti.
60.3. Lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda lisenziyanın yenilənməsi ilə bağlı müraciətə onun etibarsız hesab edilməsi barədə elanların dərc edildiyi qəzetlərin nüsxələri, habelə müvafiq halda yararsız hala düşmüş lisenziya əlavə olunmalıdır.
60.3-1. Lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.
60.4. Mərkəzi Bank lisenziyanın yenilənməsi üçün müraciətə bu Qanunun 60.2-ci və ya 60.3-cü maddələrində tələb olunan sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 10 iş günü müddətində baxmalıdır.