78.1. Sığortaçı illik maliyyə hesabatlarını Mərkəzi Banka müvafiq auditor rəyi ilə birlikdə təqdim etməlidir.
78.2. Sığortaçılar fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
78.4. Sığortaçı mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.
78.5. Bu Qanunda nəzərdə tutulmuş maliyyə hesabatları və sığortaçının fəaliyyətinə dair hesabatlar Mərkəzi Bank tərəfindən təhlil edilir.
78.6. Sığortaçı nizamnaməsində edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq sənədləri onları aldıqdan 5 iş günü müddətində Mərkəzi Banka təqdim etməli, habelə rəhbər işçilərin vəzifədən kənarlaşdırılması, işdən çıxarılması və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanının dəyişməsi barədə müvafiq qərar qəbul edildiyi tarixdən 3 iş günü müddətində, filial və ya nümayəndəliyinin açılması, onların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi tarixdən isə 7 iş günü müddətində bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
78.7. Sığorta sektorunda nəzarət funksiyalarının həyata keçirilməsi üçün tələb olunduqda sığortaçı, onun əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslər və aidiyyəti şəxsləri, habelə sığortaçının auditini aparan və ya aparmış şəxslər sığorta sirri də daxil olmaqla sığortaçının fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidirlər.
78.8. Sığortaçı maliyyə ilinin bitməsindən ən geci üç ay müddətində müstəqil auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə müstəqil auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.
78.8-1. Sığortaçı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
78.9. Sığortaçının mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.