79.1. Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir.
79.2. Sığortaçının tələb olunan kapitalının minimum məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilir.
79.3. Sığortaçının tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
79.4. Sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.
79.5. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz.
79.6. Sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.
79.7. Bu Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sığortasına aid bir sığorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.
79.7-1. Sığortaçının katastrofik risklərlə əlaqədar üzərində saxladığı ümumi riskin həcmi bu Qanunun 10.2-ci və 10.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
79.8. Sığortaçının bir müqavilə əsasında sığortalana bilən və müəyyən sığorta hadisəsinin baş verəcəyi halda əksəriyyətinə zərər dəymə ehtimalı olan eyni kateqoriyalı sığorta predmetlərini süni şəkildə ayrı-ayrı müqavilələr əsasında sığortalaması qadağandır.