84.1. Sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün bu Qanunun 83.2-83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri Mərkəzi Banka təqdim etməlidir:
84.1.1. Fiziki şəxslər:
84.1.1.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, müraciət edən xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
84.1.1.2. müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
84.1.2. hüquqi şəxslər:
84.1.2.1. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
84.1.2.2. nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
84.1.2.3. rəhbər vəzifəyə təyin edilən şəxsin bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər, həmin şəxs xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
84.1.2.4. bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçilərin bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçməsini təsdiq edən sənəd.
84.1-1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığorta vasitəçisi olmaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığorta vasitəçisi olmaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.