92.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəyə Mərkəzi Bankın razılığı ilə təyin edilir.
92.2. Mərkəzi Bankın razılığı olmadan hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.
92.3. Mərkəzi Bank şəxsin rəhbər işçi vəzifəsinə təyinatı ilə bağlı müvafiq sənədlər və məlumatlar hüquqi şəxs olan sığorta vasitəçisi tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə hüquqi şəxs olan sığorta brokerinə yazılı bildiriş göndərir.
92.4. Mərkəzi Bankın hər hansı şəxsin hüquqi şəxs olan sığorta vasitəçisinin rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı bu Qanunun 92.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə həmin maddəyə uyğun olaraq hər hansı bir yazılı münasibət bildirməməsi qeyd olunan təyinata Mərkəzi Bankın razılığı kimi qiymətləndirilir.
92.5. Razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə, habelə hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə Mərkəzi Bank hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən azad edilməsi ilə bağlı təqdimat verməlidir.