96-2.1. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə Mərkəzi Bank sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir.
96-2.2. Sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması qaydasını və icrasına dair hesabatların forması və təqdim olunması qaydasını Mərkəzi Bank müəyyən edir.
96-2.3. Mərkəzi Bankın yazılı tələbini aldıqdan sonra sığortaçı tələbdə göstərilən müddət ərzində sağlamlaşdırma planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə Mərkəzi Banka təqdim edir. Sağlamlaşdırma planının hazırlanması və layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz.
96-2.4. Mərkəzi Bank baxılması üçün ona təqdim edilmiş sağlamlaşdırma planının layihəsinə dair təklifləri olduqda, bu barədə 10 iş günü ərzində sığortaçıya yazılı bildiriş təqdim edir və sağlamlaşdırma planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Sığortaçı sağlamlaşdırma planına 5 iş günü ərzində əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, sağlamlaşdırma planının layihəsini təkrar yazılı surətdə Mərkəzi Banka təqdim edir. Mərkəzi Bank sağlamlaşdırma planının layihəsi ilə razı olduqda, bu barədə sığortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir.
96-2.5. Sağlamlaşdırma planı Mərkəzi Bankla razılaşdırıldıqdan sonra sığortaçı sağlamlaşdırma planının icrasına başlayır.
96-2.6. Sağlamlaşdırma planının icrasına nəzarət çərçivəsində plandankənar yoxlamalar aparılır və Mərkəzi Bank sağlamlaşdırma planının icrası barədə bu Qanunun 96-2.2-ci maddəsində müəyyən edilən qaydada hesabatlar alır.
96-2.7. Sağlamlaşdırma planı bir sığortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər.